Matteo Darmian daha 1 il “İnter”də qalacaq

Futbol üzrə İtaliya milli komandasının və “İnter”in mərkəz müdafiəçisi Matteo Darmian Milan klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024-cü ilin 30 iyununa kimi “İnter”in uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmə bu mövsümün sonuna qədər idi.

Matteo Darmian “Milan”ın yetirməsidir. Lakin o, yetirməsi olduğu bu klubun əsas komandasında cəmi 6 matça çıxıb. “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted” və “Parma” kimi klublarda da oynamış təcrübəli müdafiəçi 2020-ci ilin oktyabr ayından “İnter”də çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 92 oyunda 8 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Darmian İtaliya yığmasında da 36 oyuna 1 qol vurub.

“İnter” digər oyunçularından Qabriel Brazanı SPAL-a, Eddi Salsedonu “Cenoa”ya, Sebastyano Espozitonu isə “Bari”yə icarəyə verib. Onların üçü də bu mövsümün sonuna kimi icarəyə göndərilib. Amma “Cenoa” Salsedonu satınalma şərti ilə heyətinə qatıb.

“Kruzeyro”nun yetirməsi olan, İtaliyaya “Parma” tərəfindən gətirilən Qabriel Brazan “İnter”ə 2019-cu ilin yayında 6 milyon avro qarşılığında keçsə də, bu klubun əsas komandasında oynamayıb. 22 yaşlı qapıçı bu üzdən daha öncə “Albasete”, “Ovyedo” və “Kruzeyro”ya da icarəyə verilib. O, Braziliyanın U-17 və U-20 yığmalarında da oynayıb.

Eddi Salsedo “İnter”ə 2018-ci ildə məhz “Cenoa”dan gəlib. İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış hücumçu, Milan təmsilçisinin əsas komandasında oynamayıb. Əvəzində 21 yaşlı futbolçu “Verona”, “Spetsiya” və “Bari”yə icarəyə verilib.

Sebastyano Espozito isə “İnter”in öz yetirməsidir. İtaliyadan olan hücumçu bu klubun əsas komandasında 15 oyuna çıxıb. O, buna qədər SPAL, “Venetsiya” və “Bazel”də də icarədə oynayıb. Espozito həm də İtaliyanın U-21 yığmasının formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: