Mauro İkardi rəsmən “Qalatasaray”da – PSJ yeni qapıçı aldı

Futbol üzrə Argentina millisinin hücumçusu Mauro İkardi Fransanın PSJ klubundan ayrılaraq birdəfəlik “Qalatasaray”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstanbul klubu bu transfer üçün 10 milyon avrosundan keçib. “Qalatasaray” bu məbləği PSJ-yə 4 mövsüm ərzində hissə-hissə ödəyəcək.

İkardi “Qalatasaray”la 3 illik müqaviləyə imza atıb. O, bu klubda ilinə 6 milyon avro qazanacaq.

Xatırladaq ki, Mauro İkardi ötən mövsümü də “Qalatasaray”da keçirib. O, icarə əsasında formasını geyindiyi İstanbul klubunda 26 oyuna çıxıb, 23 qol vurub, 8 məhsuldar ötürmə edib və Türkiyə çempionu olub.

30 yaşlı forvard daha öncə “İnter” (219 oyun, 124 qol, 29 assist), PSJ (92 oyun, 38 qol, 10 assist) və “Sampdoriya”da (33 oyun, 11 qol və 4 assist) da forma geyinib. O, Argentina milli komandasında 8 oyun keçirib, 1 qol vurub.

Yeri gəlmişkən, İkardini satan PSJ heyətinə yeni qapıçı cəlb edib. Fransa nəhəngi İspaniya çempionu “Barselona”dan Arnau Tenası transfer edib. Paris təmsilçisinə azad agent kimi keçən 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Arnau Tenas “Barselona”nın öz yetirməsidir. O, Kataloniya klubunun aşağı yaş qrupları üzrə müxtəlif komandalarında və əvəzedici komandada çox oyun keçirsə də, əsas komandada debüt şansı qazanmayıb. Tenas İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib, amma əsas millidə debüt etməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: