“Milan”ın icraçı direktoru Corco Furlani “rossoneri”nin irqçi təhqirlərə üzləşmiş fransalı qapıçısı Mayk Menyan haqqında danışıb.
Arena.az xatırladır ki, Menyan İtaliya A Seriyasının 21-ci turunda “Udineze” ilə səfər oyununda yerli azarkeşlərin ona ünvanladığı irqçi təhqirlərdən hakimə şikayət edib.
Menyan oyunu davam etdirmək istəməyərək tribunalaraltı məkana yollansa da, komanda yoldaşları onu geri qayıtmağa razı salıblar. Oyun beş dəqiqə müddətinə dayandırılıb və sonra davam etdirilib. “Milan” bu oyunu 3:2 hesablı qələbə ilə başa vurub.
“Maykla hər şey qaydasındadır, o, istəyir ki, biz çərənləməyə son verib həqiqətən əməli fəaliyyətə keçək. Ötən həftə baş vermiş biabırçı və iyrənc hadisələri unutmaq olmaz. Biz bu məsələlərə daim diqqət yetiririk. İnsanların bunu unudub oynamağa davam etməsini istəmirəm. Səlahiyyətli orqanlar, digər komandalar və A Seriyası ilə birlikdə biz nəyisə dəyişməliyik”, – “Football Italia” dərgisi Furlanidən sitat gətirir.
Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011 mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,40 milyon avro müqabilində elə, “Lill”dən keçib. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Menyan “Milan”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 33 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib. Həmçinin Mayk 1 məhsuldar ötürmənin müəllifi olub.
Ümumilikdə Menyanın “rossoneri”nin heyətində çıxış mənzərəsi belədir: 94 oyun, 92 buraxılmış qol, 38 “quru” oyun.
Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022 mövsümlərində).
Mayk Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna çıxıb, 7 qol buraxıb və eyni sayda oyundan “quru” qurtulub. Mayk Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Menyan “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı qapıçının transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


