“Milan”la “Monako”nu Çempionlar Liqasında 1/8 finala buraxmadılar

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

İtaliyanın “Milan” komandası evdə ilk oyunda uduzduğu “Feyenoord”la (Niderland) üz-üzə gəlib. Qarşılaşmada hesabı açan tərəf İtaliya nəhəngi olsa da, meydan sahibləri bu üstünlüyü qoruya bilməyiblər. İkinci hissədə cavab qolunu vuran Niderland təmsilçisi ümumi nəticədə qalib olaraq 1/8 finala vəsiqə qazanıb.

“Brügge” (Belçika) İtaliyada “Atalanta”nın, “Seltik” (Şotlandiya) isə Almaniyada “Bayern”in qonağı olub. İtalyanlar ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışsalar da, bu istəklərinə çatmayıblar. Almanlar isə üstünlüklərini qorumaq üçün meydana çıxıblar. Münhen təmsilçisi məğlub duruma düşdüyü bu oyunu son anda xilas etməklə mərhələ adlamağa nail olub.

Portuqaliyanın “Benfika” komandası da səfərdə minimal hesabla üstələdiyi “Monako”nu bu dəfə doğma meydanda sınağa çəkib. Altı qolluq oyunda qalib müəyyənləşməyib və “Benfika” 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/16 final mərhələsinin cavab oyunları
18 fevral

“Milan” (İtaliya) – “Feyenoord” (Niderland) 1:1
Qollar: S.Ximenes, 1 – Karransa, 73.
İlk oyun – 0:1

“Atalanta” (İtaliya) – “Brügge” (Belçika) 1:3
Qollar: Lukman, 46 – Talbi, 3; 27. Yutqla, 45+3.
İlk oyun – 1:2

“Bayern” (Almaniya) – “Seltik” (Şotlandiya) 1:1
Qollar: A.Deyvis, 90+4 – N.Kun, 63.
İlk oyun – 2:1

“Benfika” (Portuqaliya) – “Monako” (Fransa) 3:3
Qollar: K.Aktürkoğlu, 22. Pavlidis, 76-pen. O.Kökçü, 84 – Minamino, 32. Ben Seqir, 51. İlenixena, 81.
İlk oyun – 1:0