“Monako”da Adi Hütter dönəmi – Rəsmi

Avstriyadan olan 53 yaşlı mütəxəssis Adi Hütter “Monako” futbol komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Liqa 1 klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflərin razılaşması 30 iyun 2025-ci ilə qədər hesablanıb.

Hütter “Monako”nun baş məşqçi postunda Filipp Klemanı əvəz edib. Belçikalı mütəxəssissin iyunun 4-də baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığı açıqlanmışdı. Geridə qalmış Liqa 1 mövsümünün son 7 turunda Filipp Klemanın rəhbərliyi altında moneqasklılar bərbad nəticə göstərərək, çempionatı turnir cədvəlinin 6-cı sırasında bitirib, avrokuboklardan kənarda qalıblar: 1 heç-heçə, 1 qələbə, 5 məğlubiyyət.

Adi Hütter 2022-ci ilin yayından – Mönhenqladbah “Borussiya”sından ayrılandan bəri işsiz idi. 53 yaşlı mütəxəssis daha əvvəl Almaniyanın “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarını da çalışdırıb.

Yeri gəlmişkən, “Monako” sol cinah müdafiəçisi Artur Zaqreni də “Ekselsior”a icarəyə verdiyini açıqlayıb. 21 yaşlı fransız 2024-cü ilin 30 iyununa qədər icarədə çıxış edəcək. PSJ-nin yetirməsi olan futbolçu 2019-cu ildən “Monako”dadır. O, bu klubun əsas komandasında cəmi 3 oyun keçirib. Knyazlıq təmsilçisi daha öncə bu oyunçunu “Dijon” və “Utrext” klublarına da icarəyə verib. Zaqre Fransanın U-18 və U-19 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: