“Moyses Kaysedo müdafiədə əsl dühadır”

“Çelsi”nin şotlandiyalı keçmiş hücumçusu Pet Nevin “zadəganlar”ın dayaq yarımmüdafiəçisi Moyses Kaysedo haqda qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Kaysedo ixtiyari komandada oynamağa qabildir. Çünki o, nəinki dağıdıcı, həmçinin müdafiədə oyunun əsl dühasıdır”, deyə Nevin vurğulayıb.

Fransa yığmasının keçmiş dayaq yarımmüdafiəçisi Emmanuel Peti də 24 yaşlı ekvadorlu dayaq yarımmüdafiəçisi barədə qənaətini paylaşıb:

“Kaysedo N’Qolo Kante və Klod Makelele yer aldıqları səviyyəyə çata bilər. O, İngiltərə Premyer Liqasının hal-hazırda ən yaxşı yarımmüdafiəçilərindən biridir”, deyə Peti vurğulayıb.

Moyses Kaysedo Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında 28,2 milyon avro qarşılığında bu komandadan İngiltərənin “Brayton” klubuna keçib. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.

“Çelsi” Kaysedonu 2023-cü ilin avqust ayında “Brayton”dan transfer edib. 24 yaşlı futbolçunun “zadəganlar”la 2031-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur.

2025/2026 mövsümündə Kaysedo “Çelsi”nin heyətində 16 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. O, bu klubun heyətində bütövlükdə 114 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 57 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: