Mövsüm bitən kimi Luçano Spalletti ilə yollarını ayırmaq məcburiyyətində qalan “Napoli”nin yeni baş məşqçisi Rudi Qarsiya olub.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.
Fransadan olan 59 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Rudi Qarsiya son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına rəhbərlik edib. O, portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun da formasını geyindiyi bu klubdan aprelin 13-də ayrılmışdı. Fransız bu komandanı 2022-ci ilin iyul ayından çalışdırırdı. “Əl-Nəsr” onun rəhbərliyi altında 26 oyuna çıxıb – 18 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət.
Təcrübəli mütəxəssis daha öncə də İtaliyada çalışıb. O, 2013-2016-cı illər aralığında A Seriyasının digər təmsilçisi “Roma”ya rəhbərlik edib. Qarsiya “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Lill”, “Le Man”, “Dijon” və “Sent Etyen”in də baş məşqçisi olub.
“Napoli”yə 2021-ci ilin iyul ayından Luçano Spalletti rəhbərlik edirdi. O, geridə qalan mövsümdə İtaliya çempionu etdiyi bu komandadan öz istəyi ilə ayrılıb. 64 yaşlı mütəxəssis Neapol təmsilçisini bütövlükdə 96 oyuna çıxarıb – 62 qələbə, 16 heç-heçə, 18 məğlubiyyət.
Yeri gəlmişkən, “Napoli” mərkəz müdafiəçisi Sebastiano Lupertonu “Empoli”yə satıb. Neapol klubu bu keçiddən 2,5 milyon avro qazanıb.
“Napoli”nin öz yetirməsi olan Luperto daha öncə “Empoli”də icarədə oynayıb. O, “Pro Verçelli” və “Krotone”də də icarədə olub. Neapol klubunda da 29 oyun keçirmiş 26 yaşlı futbolçu İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.


