“Napoli”nin prezidenti Aurelio De Laurentiis bir müddət öncə “Roma”dan ayrılmış Joze Mourinyo ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, De Laurentis “Napoli”nin sükanı arxasına Joze Mourinyonun gətiriləcəyi ilə bağlı mətbuatda yayılmış şayiələri cavablayıb:
“Joze bizim planlarımızda deyil. Şayiələrə rəğmən, bu, heç vaxt mümkün olmayıb. Bununla belə, düşünürəm ki, onun gələcəyi İtaliyadadır”, deyə “Napoli”nin prezidenti maraqlı ipucu verib.
Xatırladaq ki, yanvarın 16-da Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Bundan sonra mətbuatda, 60 yaşlı portuqal mütəxəssisin adı uğursuz mövsüm keçirən, İtaliya A Seriyasının cari çempionu “Napoli” ilə yanaşı çəkilirdi.
İtaliya A Seriyasının 20 turundan sonra “Napoli” 31 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Neapol təmsilçisinin çempionluq uğrunda mübarizə iqtidarında olmadığı artıq aydın olsa da, Valter Massarrinin çalışdırdığı kollektiv növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.


