“Naxçıvan”, “Sərhədçi” və “Abşeron”da yeni legionerlər

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə hazırlığı davam etdirən “Naxçıvan” klubu heyətinə daha iki yeni oyunçu qatıb.

Arena.az xəbər verir ki, sözügedən klub Şimali Makedoniyadan olan basketbolçu Luka Petrovski ilə razılığa gəlib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 28 yaşlı oyunçu qarşıdakı 1 il ərzində bu komandanın uğurları üçün çalışacaq. 195 sm boya malik basketbolçu ötən mövsümü Şimali Makedoniyanın birinci liqasında çıxış edən “Akademiya FMP Skopye” komandasında keçirib.

“Naxçıvan” amerikalı basketbolçu Tremer Braunu da heyətinə qatıb. 24 yaşlı basketbolçu 207 sm boya malikdir. Onunla 1 illik müqavilə imzalanıb. Bu, Tremerin karyerasında ilk peşəkar müqavilədir.

Azərbaycan Basketbol Liqasının digər təmsilçilərindən “Sərhədçi” klubu da heyətini yeni basketbolçu ilə gücləndirib. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amerika Birləşmiş Ştatlarından olan Antonio Uliyams yeni mövsümdən “Sərhədçi”nin uğurları üçün çalışacaq. Onunla müddəti bu mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

2024/2025-ci illər mövsümünə hazırlığını davam etdirən “Abşeron” da heyətini növbəti legioner basketbolçu ilə gücləndirib. Amerikalı hücumçu Jalen Şou qarşıdakı mövsümdə bu komandanın uğurları üçün çalışacaq. Ölkəsində Klayton universitetinin məzunu olan basketbolçu, son olaraq avstriyada “Raiffeisen Qraz” komandasının şərəfini qoruyub.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünə gələn ay – oktyabrın 18-də start veriləcək. Ötən ildən fərqli olaraq, 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu mövsümdən etibarən, “Cəlilabad” klubu “Quba” klubu ilə əvəzlənəcək, “Xəzri” klubu “Naxçıvan” olaraq adlandırılacaq, “Xırdalan” klubu isə “Abşeron” adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış “Ordu” və “Lənkəran” klubları da qarşıdakı mövsümdən çempionatda mübarizəyə qoşulacaqlar.

Xəbəri istədiklərinizlə paylaşın