N’Qolo Kante Avropa futboluna mümkün qayıdışından danışdı

“Əl-İttihad”ın və Fransa yığmasının yarımmüdafiəçisi N’Qolo Kante Avropa futboluna mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.

Arena.az fransalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Xeyr, Avropa futbolu ilə bitirməmişəm. Səudiyyə Ərəbistanında çıxış etmək mənim üçün yeni təcrübədir. Amma Fransa yığmasına, bu səviyyəyə qayıtmağımdan həzz alıram. Ancaq başqa yerə köçmək hazırda düşündüyüm bir məqam deyil”, deyə Kante vurğulayıb.

Dayaq yarımmüdafiəçisi olan N’Qolo Kante futbola “Syuren” klubunda qədəm qoyub. “Dayaqçı” karyerası ərzində “Bulon”, “Kan”, “Lester Siti”, “Çelsi” və “Əl-İttihad” (Ciddə) klublarında oynayıb.

“Əl-İttihad” Kanteni 2023-cü ilin iyulunda “Çelsi”dən azad agent qismində öz heyətinə qatıb. Fransalı futbolçunun ərəb klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kante “Əl-İttihad”ın heyətində bütün yarışlarda 44 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

N’Qolo Kante 2016-cı ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 58 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

N’Qolo Kantenin qənimətlər muzeyində klub səviyyəsində “Lester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası (2015/2016), həmçinin “Çelsi” ilə qazandığı İngiltərə Kuboku (2017/2018), İngiltərə Liqa Kuboku (2018/2019), Avropa Liqası (2018/2019), Çempionlar Liqası (2020/2021), UEFA Super Kuboku (2021) və FIFA Klub Dünya Kuboku (2021) var.

“Xoruzlar”la isə Kante 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatını və 2020/2021-ci illər mövsümü UEFA Millətlər Liqasını qazanıb, həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı olub.

Fərdi mükafatlara gəlincə, Kante 2017-ci ildə İngiltərə və Fransada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.