“Qalatasaray”ın baş məşqçisi, türk mütəxəssis Okan Buruk Çempionlar Liqasının 5-ci turunda “Mançester Yunayted”lə oyunu (3:3) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, Burukun bu barədə fikirlərini təqdim edir:
“Oyunda topa sahibolma faizimiz 58 idi və biz dəfələrlə qol vəziyyətlərinə çıxdıq. Daha çox qol vura bilərdik.
“Mançester Yunayted” Premyer Liqanın ən köklü və uğurlu komandalarından biridir. Biz onlara qarşı iki oyunda altı qol vurduq. Qalib gələ bilərdik, amma heç-heçə bizim üçün pis nəticə deyil”, deyə Okan Buruk bildirib.
5 turdan sonra “Qalatasaray”ın yer aldığı “A” qrupuna 13 xalla Almaniya nəhəngi “Bayern” liderlik edir. “Kopenhagen” və “Qalatasaray” 5 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. “Mançester Yunayted” isə 4 xalla autsayderdir.
Sonuncu, 6-cı turda qrup ikinciliyinin taleyi həll olunacaq: “Bayern” “qırmızı şeytanlar”ı “dara çəkmək” üçün Mançesterə yollanacaq, “Kopenhagen” isə “Qalatasaray”la didişəcək.


