Okan Buruk: “Oyunumuza azərbaycanlı hakim təyin edilsin”

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ötən gecə İsveçrə təmsilçisi “Yanq Boyz”a 2:3 hesabı ilə məğlub olan Türkiyə çempionunun çalışdırıcısı bu matçın hakimlərindən narazı qalıb.

50 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında almaniyalı hakimin idarəçiliyindən narazılığını belə ifadə edib:

“Hakimin oyunu idarə etməsi məni çox narahat etdi. Oyunu çox dayandırırdı. Hər iki komandanın üzvlərinə lazımsız vərəqələr göstərirdi. Hətta bir vərəqəni yazması 1 dəqiqə çəkdi. Bu səviyyədə oyunlarda daha yaxşısını gözləyirsən. Özü də İsveçrədə oynayırıq, bu ölkənin klubunun oyununa alman referi gəlir. Yəqin ki, buraya avtomobillə gəlib. Üstəlik, bu hakim daha öncə oyunçularımızla problem yaşayıb. Mən pis niyyət axtarmıram, amma bir Türkiyə klubunun oyununa azərbaycanlı hakim təyin edirlərmi? Təyin etmirlər. Amma bir alman hakim yaxınlıqdakı qardaş ölkə İsveçrənin klubunun oyununa təyinat alır. Bunu anlaya bilmirəm. İnşallah, ikinci oyunumuza azərbaycanlı hakim təyin edərlər, bərabərləşmiş olarıq”.

Baş məşqçi ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib və “Qalatasaray”ın qapısına təyin olunan penalti qərarına reaksiya verib:

“Bu, bizə ümid verdi. Öz keyfiyyətimizi göstərsək, qalib gələcəyimizi düşünürəm. Futbolçuların hər iki əlinin bağlı vəziyyətdə tullanmasını istəyirlər. Tezliklə əllərini bağlayacağıq”.

Okan Buruk qapıçı Fernando Musleranın zədəsinə də aydınlıq gətirib:

“Musleranın ağrıları var, amma ikinci matça qədər sağalacağını düşünürəm. Kaan Ayhan geri dönür, Davinson Sançesin durumuna baxacağıq. Bu matçda onun yoxluğunu hiss etdik”.

Qeyd edək ki, “Qalatasaray”la “Yanq Boyz” arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: