Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” komandasının baş məşqçisi Ömer Erdoğan istefa verib.
Arena.az xəbər verir ki, bu barədə Alanya təmsilçisinin çalışdırıcısı ötən gün baş tutan Super Liqanın 10-cu turunun “Sivasspor”la ev oyunundan sonrakı mətbuat konfransında açıqlama verib.
Sözügedən matçda 1:0 öndə olan alanyalılar 90+3 və 90+7-ci dəqiqələrdə buraxdıqları qollarla məğlubiyyətə üzülüblər – 1:2.
Bu, komandanın cari mövsümdəki 4-cü məğlubiyyətidir. Daha 4 oyunda da heç-heçə etmiş Alanya klubu cəmi 2 qələbə qazanıb. 10 oyuna 10 xal toplamış komanda 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Ömer Erdoğan bu ilin aprel ayından “Alanyaspor”a rəhbərlik edirdi. 46 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulmuşdu. O, Alanya təmsilçisini bütövlükdə 16 oyuna çıxarıb. Bu görüşlərdə 4 qələbə, 4 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb.
Erdoğan daha öncə “Ankaragücü”, “Hatayspor” və “Fatih Karagümrük”də də baş məşqçi kimi çalışıb.


