Oskar Tabares Uruqvay millisindən ayrıldı – 15 il sonra

Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Oskar Tabares istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

74 yaşlı mütəxəssisin vəzifəsindən azad olunmasına onun səhhətindəki problemlər səbəb olub. Belə ki, Tabaresə 2016-cı ildə ağır xəstəlik diaqnozu qoyulub. Hazırda o, sərbəst yeriyə bilmir. Bu üzdən də tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmaq qərarına gəliblər.

Oskar Tabares Uruqvay millisində 15 illik fəaliyyətindən sonra komandadan ayrılıb. O, iki dəfə Uruqvay millisinə rəhbərlik edib. Təcrübəli məşqçi ilk dəfə 1988-1990-cı illər aralığında yığmanı çalışdırıb. Həmin dövrdə Tabares komandanı 34 oyuna (17 qələbə, 8 heç-heçə, 9 məğlubiyyət) çıxarıb

Uruqvaylı məşqçi 2006-cı ildə yenidən əsas millinin sükanı arxasına keçib. Bu müddətdə o, komandanı daha 194 oyuna (94 qələbə, 49 heç-heçə, 51 məğlubiyyət) çıxarıb. Tabares üç dünya çempionatında, beş Amerika Kubokunda komandaya rəhbərlik edib. 2011-ci ildə isə o, komandasına 1995-ci ildən bəri ilk dəfə Amerika Kubokunda qələbə qazandırıb.

Tabares 2012-ci ildə Uruqvayın Olimpiya yığmasına da rəhbərlik edib. Komanda həmin dövrdə bu mütəxəssisin rəhbərliyi altında 6 oyuna çıxıb, 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Bundan əlavə o, 1983 və 1987-ci illərdə Uruqvayın U-20 yığmasını da çalışdırıb.

Tabares ölkəsində “Bella Vista”, “Danubio”, “Montevideo Uonderers”, və “Penyarol” kimi klublara da rəhbərlik edib. O, Argentinada “Boka Xuniors” və “Veles Sarsfild”i, Kolumbiyada “Deportivo Kali” komandasını da çalışdırıb. Onun klub karyerasındakı ən böyük uğurları da “Penyarol” və “Boka Xuniors”la bağlıdır. Belə ki, Tabares 1987-ci ildə “Penyarol”la Libertadores kubokunun qalibi olub. 1992-ci ildə “Boka Xuniors”u Aperturanın qalibi edən mütəxəssis, elə həmin il superkubokda da qələbə sevinci yaşayıb.

Uruqvaylı mütəxəssis bir müddət Avropada da fəaliyyət göstərib. O, İspaniyada “Real Ovyedo”, İtaliyada isə “Kalyari” və “Milan” komandalarının baş məşqçisi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: