Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) basketbolun 3×3 növü üzrə qadınların mübarizəsi davam edir.
Arena.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən basketbol üzrə Azərbaycan millisi bu gün sonuncu matçına çıxıb.
Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın yeddinci rəqibi Kanada yığması olub. Gərgin keçən matç millimizin məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, bu turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparıb. Komandamız ilk turda, Olimpiadadakı debüt matçında İspaniya yığması ilə qarşılaşıb və 16:18 hesabıyla uduzub. Azərbaycan millisi ABŞ yığmasına qarşı keçirdiyi ikinci oyununda Olimpiada tarixindəki ilk qələbəsini qazanıb – 20:17. Amma meydan sahibi Fransa (10:15), həmçinin Almaniya (8:12) və Avstraliya (12:21) oyunlar isə məğlubiyyətlə yekunlaşıb. Ötən gün baş tutan Çinlə oyunda 21:19 hesablı qələbəyə sevinən yığmamız bu gün Kanadaya uduzmaqla növbəti mərhələyə çıxmaq imkanını itirib. Beləcə, Azərbaycan millisi üçün Parisdəki Olimpiada başa çatıb.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün ən azı bürünc medalı təmin edib. Amma onun medalının əyarı növbəti görüşlərindən asılı olacaq.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Basketbol 3×3, qadınlar
7-ci tur
3 avqust
Azərbaycan – Kanada 19:21



