Pedri və “Barselona”dan rekord göstərici

İspaniya La Liqasının 33-cü turunun “Malyorka” ilə ev oyunu həm “Barselona”, həm də yarımmüdafiəçisi Pedri üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu La Liqada mövsümün rekorduna imza atıb.

Belə ki, ispaniyalı oyunçu qarşılaşma zamanı 18 dəfə topu komandasına qazandırıb. Bu isə yerli çempionatda cari mövsümdə ən yüksək göstəricidir.

“Barselona” isə bir matçda qapıya vurulan zərbələrin sayına görə La Liqa rekordunu təkrarlayıb. Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv rəqib qapısına 40 zərbə endirib. Bu zərbələrdən 13-ü “çərçivə”yə gedib.

2003/2004 mövsümündən bəri bu göstəricidə yeganə rekordçu “Real” idi. Madrid klubu 2011-ci ildə ölkə çempionatında “Saraqosa”nın qapısına eyni sayda zərbə endirmişdi.

Qeyd edək ki, “Barselona” “Malyorka” ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Kataloniya təmsilçisi hazırda 76 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Pedri isə cari mövsümdə bütün tunirlər çərçivəsində 51 matçda iştirak edib. O, bu oyunlarda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: