Pedri zədəsindən və futbola qayıtmaq istəyindən danışdı

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsini sağaltmasından danışıb.

Arena.az xəbər verir ki, o, həmçinin meydana qayıtmasının konkret tarixinin hələlik məlum olmadığını bildirib:

“Hələlik qayıtmağım üçün konkret tarix yoxdur, amma hazırda hər şey çox yaxşı gedir. Ümidvaram ki, tezliklə qayıdacağam. Psixoloji cəhətdən tamamilə yaxşıyam. Sağalma əla gedir. Mənim düşünə biləcəyim tək məqam geri qayıtmaq və futboldan həzz almaqdır”, deyə ispan futbolçu bildirib.

Xatırladaq ki, yarımmüdafiəçi İspaniya La Liqasının 27-ci turunun Bilbao “Atletik”i ilə oyununda (0:0) zədələnmişdi. Martın 3-də 21 yaşlı oyunçu sağ bud əzələsindən zədə alıb. Pedri bu mövsüm artıq iki dəfə oxşar problemlə üzləşib.

Pedri İspaniyanın “Las Palmas” klubunun yetirməsidir. O, “Barselona”ya elə, buradan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Pedrinin indiki klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Pedri bu komandanın heyətində 24 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Pedrinin “Barselona” karyerası bütövlükdə 133 oyun, 18 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Pedri Kataloniya təmsilçisi ilə İspaniya La Liqasını (2022/2023), İspaniya Kral Kubokunu (2020/2021), İspaniya Super Kubokunu (2022/2023) qazanıb.

Yarımmüdafiəşi 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 18 oyuna çıxıb. O, bu matçlarda 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Pedrini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: