2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində 7-ci turun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup (B, F və J qrupları) üzrə 7 qarşılaşma baş tutub.
B qrupunda Niderland yığması itkisiz irəliləyən lider Fransa seçməsini qəbul edib. Üç qolun qeydə alındığı bu oyun fransızların növbəti qələbəsiylə bitib. Nəticədə “xoruzlar” vaxtından əvvəl növbəti Avropa çempionatına vəsiqəni təmin ediblər. İrlandiya yığması da evdə Yunanıstanla üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.
F qrupunda yer almış Azərbaycan millisi bu gün səfərdə Estoniya ilə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib. Eyni xala malik qrup liderlərinin – Avstriya və Belçikanın görüşünə də maraq böyük idi. Beş qolluq bu görüşdə qələbə qazanan belçikalılar vahid liderə çevriliblər. Bu, sözügedən komandaya həm də növbəti Avropa çempionatına vəsiqə qazandırmış olub.
J qrupunda isə İslandiya Lüksemburqu, Lixtenşteyn Bosniya və Herseqovinanı, Portuqaliya da Slovakiyanı qəbul edib. Portuqallar bu oyundan da qalib ayrılmaqla qitə birinciliyinə vəsiqəni təmin ediblər. İslandiyadakı oyun heç-heçə bitibsə, Lixtenşteyn doğma meydanda 2 cavabsız qolla məğlub olub.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 7-ci tur
13 oktyabr
B qrupu
Niderland – Fransa 1:2
Qollar: Hartman, 83 – Mbappe, 7; 53.
İrlandiya – Yunanıstan 0:2
Qollar: Yakumakis, 20. Masuras, 45+4.
Xal: Fransa – 18. Yunanıstan – 12. Niderland – 9. İrlandiya – 3. Cəbəllüttariq – 0.
F qrupu
Estoniya – Azərbaycan 0:2
Qollar: T.Bayramov, 9. R.Şeydayev, 45+4-pen.
Avstriya – Belçika 2:3
Qollar: Laymer, 73. Zabitser, 84-pen – Lukebakio, 12; 55. Lukaku, 58.
Xal: Belçika – 16. Avstriya – 13. İsveç – 6. Azərbaycan – 4. Estoniya – 1.
J qrupu
İslandiya – Lüksemburq 1:1
Qollar: Oskarsson, 23 – Q.Rodriqes, 46.
Lixtenşteyn – Bosniya və Herseqovina 0:2
Qollar: Rahmanoviç, 13. Stevanoviç, 41.
Portuqaliya – Slovakiya 3:2
Qollar: Q.Ramos, 18. K.Ronaldo, 29-pen; 72 – Hansko, 69. Lobotka, 80.
Xal: Portuqaliya – 21. Slovakiya – 13. Lüksemburq – 11. Bosniya və Herseqovina – 9. İslandiya – 7. Lixtenşteyn – 0.


