Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turu iki rekordla əlamətdar olub.
Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 min 950 tamaşaçı qeydə alınıb.
Bu, mövsümün arxada qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi 4-cü tura təsadüf edib.
Yeni rekorda son oyun günü səbəb olub. Belə ki, “Qarabağ” – “Sabah” oyununu 4500, “Turan Tovuz” – “Qəbələ” matçını 4000 izləyici seyr edib.
Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2450 tamaşaçı qeydə alınıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. 4-cü turun Tovuz şəhər stadionundakı qarşılaşmasında 4300 seyrçi olub.
Xatırladaq ki, ümumilikdə 6 turun 29 matçını 42 min 381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.


