PSJ-nin prezidenti baş məşqçi Luis Enrikeni təriflədi

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrikedən razılıq edib və Fransa nəhənginin strateji planlarından danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, qətərli iş adamının bu xüsusda fikirlərini təqdim edir:

“Biz yeni komanda qururuq, bu, asan deyil. Futbolçular hazır deyillər, çünki onları indi sadəcə bir araya gətirmişik. Mən həmçinin bu işin öhdəsindən əla gələn məşqçimizlə fəxr edirəm. O, bütün bunları yaratmaqda heyrətamiz bir iş görür. Söhbət təkcə nəticələrdən deyil, həm də necə oynamağımızdan, strategiyamızdan, baxışımızdan gedir.

Mən həmçinin idman direktoru Luis Kamposla fəxr edirəm, o da fantastik iş görür. Eynilə bütün oyunçular da. Biz çox xoşbəxtik”, deyə Nasser Əl-Xelaifi razılıq edib.

PSJ-nin prezidenti həmçinin Fransa nəhənginin qarşıdakı illərə strateji planları haqda danışıb:

“Biz qarşıdakı altı-səkkiz il ərzində həqiqətən birlikdə oynaya biləcək bir komanda qurmaq istəyirik.

Çempionlar Liqasının 1/4 finalına yüksələnlər arasında ən gənc komandamız var. Avropanın ən yaxşı 10 klubu arasında ən gənc komandamız var. Bu, bizi qürurlandırır”, deyə Əl-Xelaifi məmnunluğunu ifadə edib.

Hazırda Luis Enrikenin PSJ-si 25 oyundan 56 xalla Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir. PSJ cari mövsüm Fransa Super Kubokunu qazanıb. Həmçinin Fransa nəhəngi ölkə kubokunun və Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və mübarizəsini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: