Qabriel Suazo “Tuluza”da!

Futbol üzrə Çili milli komandasının sol cinah müdafiəçisi Qabriel Suazo yetirməsi olduğu “Kolo Kolo” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyerasını Fransada davam etdirəcək.

O, Liqa 1 təmsilçisi “Tuluza”ya transfer olunub. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2026-cı ilin 30 iyununa kimi davam edəcək müqaviləyə imza atıblar.

Müdafiəçi yeni klubuna azad agent kimi keçib. Bu üzdən də “Tuluza” əlavə xərcə düşməyib.

Qabriel Suazo “Kolo Kolo”nun yetirməsidir. O, 2015-ci ildən formasını geyindiyi bu klubun əsas komandasında bütövlükdə 192 oyuna çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi 2017-ci ildə debüt matçına çıxdığı Çili yığmasında da 13 oyun keçirib.