“Qalatasaray”ı Çempionlar Liqasında əsas mərhələyə buraxmadılar

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Türkiyə çempionu “Qalatasaray” da qitənin ən nüfuzlu klub turnirində növbəti matçına çıxıb. İstanbul təmsilçisi səfərdə məğlub olduğu İsveçrənin “Yanq Boyz” komandasını bu dəfə doğma meydanda qəbul edib. “Qalatasaray” mərhələ keçmək üçün mütləq inamlı qələbəyə sevinməliydi. Amma uğursuz çıxış edən “sarı qırmızılar” yekunda növbəti dəfə məğlub olmaqla Çempionlar Liqasıyla vidalaşıblar.

Kiyev “Dinamo”su səfərdə “Zalsburq”la, “Malmö” isə Praqa “Sparta”sı ilə üz-üzə gəlib. Bu oyunların hər ikisində qonaqların mərhələ adlamaq şansları elə də yüksək qiymətləndirilmirdi. Belə də olub. Yekunda “Zalsburq”la “Sparta” adlarını Çempionlar Liqasının əsas mərhələsinə yazdırıblar.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də yekunlaşacaq. Azərbaycan çempionu “Qarabağ” da sabah Zaqreb “Dinamo”suna qarşı cavab oyununa çıxacaq. Xorvatiya və Azərbaycan çempionları arasında Zaqrebdə keçirilmiş ilk oyunda meydan sahibləri qalib gəliblər.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
27 avqust

“Qalatasaray” (Türkiyə) – “Yanq Boyz” (İsveçrə) 0:1 (ilk oyun 2:3)

“Zalsburq” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:1 (2:0)

“Sparta” (Praqa, Çexiya) – “Malmö” (İsveç) 2:0 (2:0)

28 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (0:3)
23:00. “Slaviya” (Praqa, Çexiya) – “Lill” (Fransa) (0:2)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Bodo Qlimt” (Norveç) (1:2)
23:00. “Slovan” (Slovakiya) – “Midtyulland” (Danimarka) (1:1)

Xəbəri sosial şəbəkələrdə paylaş: