Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün 26-cı turu “Qarabağ” komandası üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi ilk üçlükdəki yerini təmin edib.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Premyer Liqada cari mövsüm üçün mükafatçılardan biri dəqiqləşib. 26-cı turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən ağdamlılar xal hesabını 68-ə çatdıraraq ilk “üçlük”dəki yerlərini təmin ediblər.
Bununla da Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə ediblər.
Bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdamlıların aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.
“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində gümüş qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də “üçlük”də yer alan Ağdam klubu bürünclə kifayətlənib.
Xatırladaq ki, medal sayında “köhlən atlar” yalnız “Neftçi”dən geridə qalır. Bakılıların 20 mükafatı var. Paytaxt təmsilçisi indiyə qədər 9 dəfə (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013, 2020/2021) çempion olub. Komandanın hesabında 5 gümüş medal var: 2000/2001, 2006/2007, 2018/2019,2019/2020, 2021/2022. Altı dəfə isə “ağ-qaralar” bürünc medalla kifayətləniblər: 1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018.
Sonda onu da xatırladaq ki, bu mövsüm Azərbaycan Premyer Liqasında geridə qalan 26 turdan sonra lider Ağdam klubunun 68 xalı varsa, ikinci olan “Sabah” 59 xal toplayıb. “Neftçi” 55 xalla üçüncüdür. “Zirə” 37, “Qəbələ” 33 xal toplaya bilib.


