“Qarabağ” – “Kəpəz” matçında mövsümün rekordları qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu mövsümün rekordları ilə zəngin olub.

Arena.az xəbər verir ki, Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə başa çatan matçda məhsuldarlıq rekordları yenilənib.

8 qolun vurulduğu bu qarşılaşma mövsümün ən məhsuldar görüşü olub. Buna qədər ən çox top oktyabrın 20-də keçirilən “Səbail” – “Neftçi” oyununa təsadüf etmişdi. 6 qolun vurulduğu həmin matçda qonaqlar 4:2 hesabı ilə qalib gəlmişdilər.

Bu, mövsümün ən böyük hesabıdır. “Qarabağ”a qədər 6 top fərqi ilə qalib gələn olmayıb. Avqustun 6-da “Sabah” “Qəbələ”ni, sentyabrın 29-da “Qarabağ” “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub etmişdi.

Qurban Qurbanovun yetirmələri cari çempionatda bir matçda 5-dən çox qol vuran ilk komandadır. Buna qədər rekord 5 dəfə fərqlənən “Sabah”la “Qarabağ”a məxsus idi.

“Kəpəz”in qapısından üç top keçirən Yassin Benzya isə mövsümdə ilk het-trikin müəllifi olub. Premyer Liqanın əvvəlki 57 qarşılaşmasında heç bir futbolçu ikidən artıq qola imza atmamışdı.

“Kəpəz”lə oyun “Qarabağ” üçün daha bir yubileylə əlamətdar olub. Belə ki, Ağdam təmsilçisi Azərbaycan çempionatlarında 90-cı dəfə evdə böyük hesabla qalib gəlib. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı buna qədər 89 dəfə qonaqlara üç və ya daha çox top fərqi ilə qalib gəlmişdi.

Yubiley uğuruna imza atan “Qarabağ” öz meydanında qazanılan böyükhesablı qələbə sayında mütləq rekorda da imza atıb. Heç bir komanda evdə daha çox belə qələbə qazanmayıb.

Ağdamlıların ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” evdə Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: