Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyununun hakim təyinatları açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi FIFA referisi Con Biton olacaq. Ona yan xətt hakimləri Daniel Makfarlan və Duqlas Potter kömək edə biləcəklər. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək. VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaqlar.
Xatırladaq ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Molde” matçına saat 20:45-də start veriləcək.
Onu da qeyd edək ki, Con Biton istər “Qarabağ”, istərsə də Azərbaycan futbolsevərləri üçün tanış referidir. Şotland hakim buna qədər üç dəfə Ağdam klubunun oyununa təyinat alıb. Bu oyunların hamısı Avroliqanın əvvəlki mövsümlərinin qrup mərhələsinə təsadüf edib.
Biton ilk dəfə Azəraycan klubunun 2016-cı ilin noyabrında Yunanıstanın PAOK komandası ilə səfər oyununda iş başında olub. Həmin görüş təmsilçimizin 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.
Onun növbəti təyinatı 2019-cu ulin oktyabrında baş tutan Lüksemburq “Düdelanj”ı ilə səfər oyununa təsadüf edib. Həmin matçda da Ağdam klubu 4:1 hesablı darmadağına sevinib.
Bitonun son təyinatı 2020-ci ilin oktyabrında İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə səfər oyununda gerçəkləşib. Bu görüşdə isə “Qarabağ” 0:1 hesabıyla uduzub.
Bir sözlə, Biton ilk dəfə “Qarabağ”ın Bakıdakı ev oyununu idarə edəəck.
Şotland hakim Azərbaycanın U-19 və əsas yığmalarının da oyununda iş başında olub. U-19 yığmamızın 2014-cü ilin noyabrında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstanla səfər oyunu 1:1 hesablı heç-heçə ilə bitib. Elə əsas yığmamızın Slovakiya ilə ev oyunu da AÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutub. Biton yığmamızın 1:5 hesablı biabırçı məğlubiyyətini qeydə alıb.


