Futbol üzrə Azərbaycan çempionu, cari mövsümün qış çempionu “Qarabağ” mövsümün qalan hissəsi üçün hazırlığa start verib.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün “Azərsun Arena”dakı təlim-məşq bazasında 2025-ci ilin ilk məşqinə çıxıb.
Ağdam təmsilçisi Bakıdakı toplanış çərçivəsində 2 yoxlama oyunu keçirəcək. “Köhlən atlar” yanvarın 9-da “Kəpəz”lə, üç gün sonra isə “Zirə” ilə üz-üzə gələcək.
Xatırladaq ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında qış çempionu olub. Komandanın aktivində 47 xal var.
Ağdam klubu ilə yanaşı, daha beş komanda artıq hazırlığa start verib. “Zirə”, “Şamaxı” və “Kəpəz” yanvarın 2-dən etibarən hazırlığa başlayıblar. “Neftçi” və “Səbail” isə bu gündən məşqləri bərpa ediblər.
Azərbaycan Premyer Liqasında mübarizə aparan digər klublardan “Sabah” sabahdan etibarən məşqlərə başlayacaq. “Turan Tovuz” isə sabah Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. “Araz-Naxçıvan” və “Sumqayıt” isə yanvarın 5-də hazırlığa başlayacaqlar.


