İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Qavi komanda yoldaşı Lamin Yamalın sürətli inkişafından danışıb.
Arena.az xəbər verir ki, 2023-cü ildən etibarən “Barselona”nın əsas komandasında müntəzəm çıxış edən Yamal qısa müddətdə dünya futbolunun əsas ulduzlarından birinə çevrilib.
Qavi 19 yaşlı hücumçunun rəsmi oyunlarda nümayiş etdirdiyi yüksək səviyyəni məşqlərdə daha da üst səviyyəyə qaldırdığını bildirib:
“Lamin meydanda inanılmaz dərəcədə güclüdür, amma məşqlərdə etdikləri daha da təəccübləndirir. Ondan gözləntim yalnız budur ki, oyundan-oyuna davamlı şəkildə inkişaf etsin. O, istedadının miqyasını çox yaxşı anlayır və düzgün şəraitdə futbol tarixinin ən böyük oyunçularından birinə çevrilə bilər”.
İspaniyalı yarımmüdafiəçi Yamalın mental hazırlığını da xüsusi qeyd edib:
“Ən vacib məqam odur ki, onda tamamilə düzgün yanaşma görürəm. O, reallığı düzgün qiymətləndirir, qarşıda onu çox uzun karyeranın gözlədiyini anlayır və məqsədlərinə çatmaq üçün hər gün çox çalışır. Onun mentaliteti qaydasındadır və belə səviyyədə uğur qazanmaq üçün bu, əsas amillərdən biridir”.
Qeyd edək ki, Lamin Yamal üçün 2025/26 mövsümü olduqca məhsuldar keçib. Hücumçu bütün turnirlərdə keçirdiyi 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun uğurlu çıxışı “Barselona”nın İspaniya çempionu olmasına və ölkə super kubokunu qazanmasına kömək edib.
Bundan əlavə, 19 yaşlı vinger 2026-cı ilin yayında İspaniya millisinin heyətində dünya çempionu olub.


