Futbol üzrə İspaniya milli komandasının yarımmüdafiəçisi Qonsalo Vilyar icarə əsasında formasını geyindiyi İtaliyanın “Sampdoriya” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Roma”ya qayıdıb.
Lakin paytaxt təmsilçisi dayaq yarımmüdafiəçisini yenidən icarəyə verib. İspaniyalı futbolçu ölkəsinə qayıtmağa qərar verib. O, bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Vilyarın bu mövsümün sonunadək satınalma şərti daxil olmaqla icarəyə götürüldüyü diqqətə çatdırılıb.
Qonsalo Vilyar 2020-ci ilin yanvarında İspaniyanın “Elçe” klubundan 5 milyon avro qarşılığında “Roma”ya transfer olunub. O, bu komandanın heyətində 64 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Joze Mourinyonun gəlişindən sonra “canavarlar”ın heyətində şans qazana bilməyən futbolçu ötən mövsümdə də “Xetafe”də icarədə oynamağa qərar vermişdi. O, La Liqa təmsilçisində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bu mövsüm “Sampdoriya”da da 16 oyun keçirib. “Valensiya”nın B komandasında da oynamış futbolçu, İspaniyanın U-19 və U-21 yığmalarında forma geyinib, əsas millidə isə cəmi 1 oyuna çıxıb.


