“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra 1 xal qazanmaq yaxşı nəticədir.
Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Baxımlı futbol oynadıq. Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı dördüncü yerdə bitirmək istəyirik. Digər tərəfdən, finalda da rəqib “Sabah”dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Kuboka görə çempionatı “qurban vermək kimi fikrimiz yoxdur. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq”.


