Rahil Məmmədov “Vidzev”ə qarşı 88 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 6-cı turunun oyunları keçirilir.

Rahilin komandası bu turda Lodz “Vidzev”inin qonağı olub. Beş qolun qeydə alındığı oyun “Radomyak”ın 2:3 hesablı məğlubiyyətiylə yekunlaşıb.

Rahil bu oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. O, 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Ötən oyunda olduğu kimi, Rahil bu görüşdə də bir penaltiyə səbəb olub. Rəqib komanda onun bu “hədiyyə”sindən maksimum yararlanıb.

“Radomyak” 6 turdan sonra 5 oyuna topladığı 3 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 4 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: