Bu gün – iyunun 1-də keçirilmiş final oyunu ilə futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün həlledici oyununda İspaniya nəhəngi “Real”la Almaniyanın “Borussiya” (Dortmund) komandaları üz-üzə gəliblər.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutan final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start verilib. Qarşılaşmanın ilk hissəsi qolsuz yekunlaşıb. İkinci hissədə iki cavabsız qol vuran Madrid təmsilçisi növbəti tituluna sahib çıxıb.
Qeyd edək ki, “Real” daha öncə 14 dəfə UEFA Çempionlar Liqasının qalibi olmuşdu. Bu, İspaniya nəhənginin ÇL-də 15-ci (!) zəfəridir. Madrid təmsilçisi bu göstərici üzrə Avropanın rekordçusudur. Bu baxımdan “Real”ın ən yaxın izləyicisi İtaliya “Milan”ıdır – 7 dəfə. “Borussiya” isə cəmi 1 dəfə – 1997-ci ildə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.
UEFA Çempionlar Liqası
Final
1 iyun
Borussiya (Dortmund, Almaniya) – Real (İspaniya) 0:2
Qollar: Dani Karvaxal, 74. Vinisius Junior, 83.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
London. “Uembli” stadionu.
Borussiya: Qreqor Kobel, Niko Şlotterbek, Mats Hummels, Yan Matsen, Yulian Ryuerson, Emre Can (Doniell Malen, 81), Yulian Brandt (Sebastien Aller, 81), Ceydon Sanço (Ceymi Bayno-Gittens, 87), Marsel Zabitser, Kərim Adeyemi (Marko Roys, 72), Niklas Füllkruq,
Ehtiyat oyunçular: Aleksander Mayer, Martsel Lotka, Niklas Züle, Kyell-Arik Vetyen, Feliks Nmeça, Salih Özcan, Marius Volf, Yussufa Mukoko.
Baş məşqçi: Edin Terziç.
Real: Tibo Kurtua, Daniel Karvaxal, Antonio Rüdiger, Naço Fernandes, Ferlan Mendi, Federiko Valverde, Eduardo Kamavinqa, Toni Kroos (Luka Modriç, 85), Cud Bellingem (Xoselu, 85), Rodriqo Qoes (Eder Militao, 90+1), Vinisius Junior (Lukas Vaskes, 90+4).
Ehtiyat oyunçular: Andrey Lunin, Kepa Arrisabalaqa, David Alaba, Fran Qarsiya, Orelyen Tçuameni, Daniel Sebalyos, Arda Gülər, Brahim Dias.
Baş məşqçi: Karlo Ançelotti.


