Futbol üzrə Mərakeş yığmasının və İspaniya çempionu “Real”ın 25 yaşlı yarımmüdafiəçisi Brahim Dias uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) sağ budundan zədələnib. Bu səbəbdən o, matçın 25-ci dəqiqəsində Rodriqo ilə əvəzlənib.
“Marca”nın məlumatına görə, yarımmüdafiəçinin sağalma prosesi üç ay çəkə bilər.
Xatırladaq ki, Brahim Dias “Malaqa”da futbola qədəm qoyub. Buradan “Mançester Siti” akademiyasına yol tapmış Brahim 2019-cu ilin yanvarında “Real” tərəfindən alınıb. “Kral klubu” Diası bir müddət “Milan”da icarədə oynadıb və tərəqqi etmiş futbolçusunu 2023-cü ilin yayında yenidən heyətinə qaytarıb.
Dias cari mövsümdə “Real”ın heyətində 6 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi Madrid klubunda bütövlükdə 71 oyun keçirib, 15 qol və 13 məhsuldar ötürmə edib.
Brahim Diasın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, “Milan”la İtaliya A Seriyası çempionluğu, “Real”la UEFA Çempionlar Liqası, İspaniya La Liqası çempionluğu (2 dəfə), İspaniya Super Kuboku (2 dəfə) var.
Brahim Malaqada (İspaniya) anadan olub, amma valideynləri mərakeşəsillidirlər. Dias İspaniya yığmasının heyətində cəmi 1 yoldaşlıq oyunu keçirib. 2021-ci ilin iyun ayının 8-də Dias Litva yığması ilə yoldaşlıq oyununda meydana çıxıb və “qırmızı qəzəb”in 4:0 hesabı qalib gəldiyi oyundan qollardan birinin müəllifi olub. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış yarımmüdafiəçi bu ilin martından Mərakeş millisində oynamağa başlayıb. O, bu komandanın heyətində artıq 6 oyuna da çıxıb. 2 qol vurub, 2 assist edib.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.