Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində “Beşiktaş”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan məğlubiyyətlə ayrılıb – 1:2.
Dadaşov bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 18 turdan sonra 19 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 12 oyun keçirib və 4 qol vurub.


