Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində “Başakşəhər”lə qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Dadaşov bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib. Halbuki, Renat 90+9-cu dəqiqədə penalti vurmaq hüququ qazanmaqla fərqlənməyə çox yaxın olub. Lakin o, bu şansdan yararlana bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 15 turdan sonra 18 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 10 oyun keçirib və 4 qol vurub.


