Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsi çərçivəsində “Arka” ilə qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtı qolsuz yekunlaşıb. Əlavə vaxtda bir qol vurmuş “Arka” 1/4 finala vəsiqə qazanıb. “Motor” isə kubokla erkən vidalaşıb. Renat bu görüşün start heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 7 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 39 oyunda 5 qol, 1 məhsuldar ötürmə müəllifi olub.


