Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində “Fatih Karagümrük”lə qarşılaşıb.
“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan qələbə ilə ayrılıb – 3:1. 41-ci dəqiqədə hesabı açan hataylılar, 51 və 90+5-ci dəqiqələrdə də qonaqları meydanın mərkəzinə dəvət ediblər. Qonaq komanda isə 86-cı dəqiqədə fərqlənib.
Dadaşov bu oyunun 90-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 24 turdan sonra 28 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 19 oyun keçirib və 4 qol vurub.


