Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində “Alanyaspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan heç-heçə ilə ayrılıb – 1:1. 5-ci dəqiqədə hesabı açan hataylılar qələbəni 89-cu dəqiqədə penaltidən buraxdıqları qolla əldən veriblər.
Dadaşov bu oyuna start heyətdə başlayıb. 69-cu dəqiqədə sarı vərəqə almış millimizin forvardı 79-cu dəqiqədə də əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 22 turdan sonra 22 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komanda artıq 10 oyundur qələbə qazana bilmir.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 17 oyun keçirib və 4 qol vurub.


