Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 3-cü turu çərçivəsində aşağı liqa təmsilçisi “Sarıyer”lə qarşılaşıb.
Hatay təmsilçisi bu rəqibini 2:0 hesabıyla məğlub edərək Türkiyə Kubokunda 4-cü mərhələyə vəsiqə qazanıb.
Renat bu görüşün iştirakçısı olmayıb. Əsas heyətin digər aparıcı üzvləri kimi, azərbaycanlı forvardın da adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 6 oyun keçirib və 3 qol vurub.


