Riko Lyuis “Mançester Siti” ilə 5 illik müqavilə bağladı

İngiltərə çempionu “Mançester Siti” sol cinah müdafiəçisi, 18 yaşlı Riko Lyuis ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İngiltərənin U-21 yığmasının da üzvü olan futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin 30 iyununa kimi Mançester klubunun uğurları üçün çalışmağa davam edəcək.

Riko Lyuis “Mançester Siti”nin öz yetirməsidir. O, bu klubun U-18, U-19 və gənclərdən ibarət kollektivlərindəki uğurlu çıxışı sayəsində artıq əsas komandaya da cəlb olunur. Baş məşqçi Xosep Qvardiola ötən ilin yayından bəri ona 24 oyunda şans verib. Lyuis bu görüşlərdə hətta 1 qol da vurub. İngilis futbolçu ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb. Hazırda o, U-21-ə dəvət alır.

“Mançester Siti” digər gənc futbolçusu – sol cinah vingeri Filip Stevanoviçi də Niderlandın “Valveyk” klubuna icarəyə verib. 20 yaşlı serb futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. “Partizan”ın yetirməsi 2021-ci ilin yanvar ayında 8,5 milyon avro qarşılığında “Mançester Siti”yə keçsə də, hələ İngiltərə nəhəngində debüt şansı qazanmayıb. O, buna qədər “Herenven” (Niderland) və “Santa Klara” (Portuqaliya) kimi klublarda da icarədə oynamaq məcburiyyətində qalıb.

Vaxtilə U-19-da da oynamış Filip Stevanoviç 2020-ci ildən Serbiyanın U-21 yığmasına dəvət alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: