“Roma”nın baş məşqçi vəzifəsi italyan mütəxəssis, komandanın sabiq yarımmüdafiəçisi və keçmiş kapitanı Daniele De Rossiyə həvalə edilib.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən məlumat verir.
40 yaşlı mütəxəssis “Roma”nı cari mövsümün sonuna qədər çalışdıracaq.
“Roma”nın Daniele De Rossiyə etimadının səbəbi mütəxəssisin kluba və onun idman strukturuna yaxından bələd olması ilə əsaslandırılır. Həmçinin De Rossinin futbol ölçüləri ilə bir məşqçi kimi gənc yaşına rəğmən, kifayət qədər dolğun təcrübəyə malik olduğu amili ortadadır.
2021-ci ilin martında De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.
“Roma” De Rossinin qarşısında klubun cari mövsümə iddialarını həyata keçirmək vəzifəsini qoyub – A Seriyasında avrokuboklara vəsiqə uğrunda mübarizə, beynəlxalq arenada bacardıqca uzağa getmək.
Daniele De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.
Xatırladaq ki, bu gün “Roma” portuqal mütəxəssis Joze Mourinyo ilə yollarını rəsmən ayırdığını bəyən etmişdi.
De Rossi təyinatı ilə bağlı açıqlama verib: “Roma”nın baş məşqçisi vəzifəsini mənə həvalə etdikləri üçün rəhbərliyə təşəkkür edirəm. Mən öz növbəmdə fədakarlığa, nəticələr naminə gündəlik qurbanlar və indidən mövsümün sonuna qədər bizi gözləyən fəsadların öhdəsindən gəlmək üçün əlimdən gələni etməyə zəmanət verirəm.
“Roma”nın ehtiyat oyunçular skamyasında olmağın həyəcanı sözlə ifadə edilə bilməz. Bu klubun mənim üçün nə demək olduğunu hamı bilir. Bununla belə, qarşıda duran işlərlə bağlı bütün fikirlərim artıq var. Rəqabətəqadir olmaqdan, hədəflərimiz uğrunda mübarizə aparmaqdan və onlara çatmağa çalışmaqdan başqa vaxtımız və seçimimiz yoxdur. Mənim və qərargahımın müəyyən etdiyi yeganə üstünlüklər bunlardır”.
“Roma” azarkeşləri Daniele De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.


