İngiltərənin “Çelsi” klubunun və Belçika yığmasının mərkəz hücumçusu Romelu Lukaku bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Neapol təmsilçisi bu transfer üçün “zadəganlar”a 30 milyon avro ödəyib. 31 yaşlı hücumçu yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Romelu Lukaku “Lyers”də futbola qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.
“Çelsi” belçikalı hücumçunu ilk dəfə 2011-ci ilin avqustunda 15 milyon avro məbləğ müqabilində “Anderlext”dən satın almışdı və o vaxtdan Lukaku futbol ömrünü ələlxüsus icarələrdə keçirirdi.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lukaku “Roma”da icarə əsasında top qovub. “Canavarlar”ın heyətondə keçirdiyi bütün yarışlarda Lukaku 47 oyuna 21 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Çelsi” hücumameyilli yarımmüdafiəçisi Tino Ancorini də İtaliyanın digər klubu “Empoli”yə satıb. Sözügedən klub London təmsilçisinə bu keçidə görə cəmi 1 milyon avro ödəyib. Əslən Nigeriyadan olan 22 yaşlı ingiltərəli futbolçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.
Tino Ancorin “Çelsi”nin yetirməsi olsa da, bu klubun əsas komandasında cəmi 5 oyuna çıxıb. O, son mövsümlərdə “Lokomotiv” (Moskva), “Haddersfild” və “Portsmut” kimi klublarda icarədə olub. İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Ancorinə əsas millidə debüt şansı verilməyib.
Ancorini heyətinə qatmış “Empoli” 37 yaşlı hücumçusu Françesko Kaputo ilə də yollarını ayırıb. Təcrübəli italiyalı futbolçunun karyerasını bitirməsi gözlənilir. “Sampdoriya”, “Sassuolo”, “Virtus Entella”, “Syena”, “Salernitana”, “Bari” kimi klublarda da oynamış Kaputo, “Empoli”nin heyətində 124 oyuna 52 qol vurub, 13 assist müəllifi olub.
“Empoli” mərkəz müdafiəçisi Qabriele Quarinonu da “Karrareze”yə icarəyə verib. 20 yaşlı italiyalı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. “Empoli”nin yetirməsi olan futbolçu ötən mövsüm “Modena”da da icarədə çıxış edib. Quarino İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.


