Romelu Lukaku ortalıqda qalıb

Futbol üzrə Belçika millisinin hücumçusu Romelu Lukaku “Yuventus”a transfer problemi ilə bağlı yenidən “İnter”lə əlaqə saxlayıb.

Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Daha əvvəl bildirilmişdi ki, 2022/2023 mövsümündə “İnter”də icarə əsasında çıxış edən “Çelsi”nin belçikalı hücumçusu “Yuventus”a keçmək istiqamətində Turin klubu ilə danışıqlarını inkişaf etdirir.

Bu səbəbdən Milan nəhəngi Lukaku ilə əməkdaşlığına xitam verdiyini bəyan etmişdi. Bununla yanaşı, “İnter”in azarkeşləri Lukakunu satqınlıqda ittiham etmişdilər.

Bir neçə gün əvvəl Lukaku danışıqları bərpa etmək üçün yenidən “İnter”lə əlaqə saxlayıb. Belə ki, “Yuventus” belçikalı hücumçunun transferini həyata keçirmək üçün “Qoca sinyora”nın serb hücumçusu Duşan Vlahoviçin satışına nail olmalıdır. Əks halda Turin klubu Lukaku ilə müqavilə bağlaya bilməz. Həmçinin Vlahoviçin satışı ilə “Yuventus” növbəti transfer üçün maliyyə vəsaitini təmin etməlidir.

“İnter” Lukaku ilə bağlı danışıqları bərpa etməkdən imtina edib. Hazırda klub rəhbərliyi komandanın hücum xəttini gücləndirmək üçün digər seçimlərə diqqət yetirir. “Neradzurri” ABŞ yığmasının hücumçusu Folarin Baloqun və xüsusilə ispan hücumçu Alvaro Morata ilə maraqlanır.

Arada qalmış Lukakunun həm də transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıtmaq istəyində olmadığı da vurğulanır. Belçikalı hücumçu Səudiyyə Ərəbistanından gələn bir neçə təklifi isə daha əvvəl rədd etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: