Ronaldo ilə “Yuventus” arasındakı çəkişmə davam edir

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo ilə “Yuventus” arasındakı hüquqi mübahisə 2024-cü ildə də davam edəcək.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Belə ki, Ronaldo ilə “Yuventus” klubu arasında 19,5 milyon avro dəyərində dondurulmuş maaşla bağlı hüquqi mübahisə var.

2023-cü ilin iyununda Ronaldo, COVID-19 pandemiyası zamanı yaranan ödənilməmiş maaşlara görə “Yuventus”u məhkəməyə verib. Dekabrın 20-də hər iki tərəf öz dəlillərini təqdim etmək üçün məhkəməyə gəlib.

Arbitraj Məhkəməsinin gələn ilin aprelində hökm çıxaracağı və gələn ay başqa bir dinləmənin mümkün olacağı gözlənilir.
Xatırladaq ki, Ronaldo “Qoca sinyora”nın ona ciddi məbləğdə borcu olduğunu iddia edir. Bununla belə, “Yuventus” israr edir ki, portuqal hücumçu 2021-ci ilin avqustunda “Mançester Yunayted”ə keçərkən maaşından imtina edib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduzun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib. O, bu oyunlarda 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: