Ruben Dias “Mançester Siti” ilə yeni müqaviləyə imza atdı

İngiltərənin “Mançester Siti” klubunun portuqaliyalı mərkəz müdafiəçisi Ruben Dias Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2029-cu ilin 30 iyununa qədər “şəhərlilər”in uğurları üçün çalışacaq. Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaqdı.

Ruben Dias 2020-ci ilin sentyabr ayından “Mançester Siti”də çıxış edir. 27 yaşlı futbolçu “şəhərlilər”in heyətində cari mövsümdə 1 oyuna çıxıb, məhsuldarlıq nümayiş etdirə bilməyib. Onun “Mançester Siti”nin heyətindəki çıxışı rəqəmlərin gözü ilə belədir: 223 oyun, 4 qol, 5 assist.

Portuqaliyanın “Benfika” klubunun yetirməsi olan futbolçu, ölkəsinin milli komandasında da forma geyinir. O, Portuqaliya yığmasında meydana çıxdığı 68 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Dias “Benfika” və “Mançester Siti” ilə çoxsaylı titullara sahib çıxıb, Portuqaliya yığması ilə də UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin FIFA tərəfindən 2024-cü ilin rəmzi komandasına daxil edilib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: