Sənan Qurbanov: “İstəyimizə nail olduq”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun finalında “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Finalın təşkilatçılığı mükəmməl idi. Bu işdə əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Həlledici matçlar hər zaman gərgin olur. Amma futbolçuları inandırdım ki, bacara bilərik. Onları psixoloji cəhətdən hazırlamağa çalışdıq. Bu qədər əziyyətin sonunda mükafat olmalıdır. Burada ən böyük pay sahibi oyunçulardır. Hamını təbrik edirəm. Titul qazanmaq hər zaman xoşdur. Deyə bilərəm ki, bütün işlər tamamlandı.

Təbii ki, özümü xoşbəxt hiss edirəm. Amma komandadakı taleyimi zaman göstərəcək. Oyunlara köklənmişdik. İstəyimizə nail olduq. Ayxan Abbasovun komandaları mükəmməl oynayırlar. İnkişaf edən məşqçidir. Ona qarşı oynamaq çətindir. “Sumqayıt”a Avropa Konfrans Liqasında uğurlar arzu edirəm”.

Çempionatda nəticə baxımından istəyimizə nail ola bilmədik. Amma oyunlara yanaşma mənim üçün çox vacib idi. Ən azı 5 oyunda qalib gəlməməyimizə çox təəccübləndik. Qol vursaq da, üstünlüyümüzü qoruya bilmirdik. Bu səbəbdən futbolçulara müxtəlif videolar göstərirdik. Şükürlər olsun, yaxşı oyun kuboka yansıdı. Futbolçular hər iki cəbhədə sonadək vuruşdular və vəzifənin öhdəsindən gəldilər. Komandaya vaxt lazımdır. Hər şeyin arxasında böyük iş dayanır.

Klub rəhbərliyi ilə danışacağıq. Mənimlə davam etmək istəyirlərsə, artıq sabahdan futbolçularla görüşüb danışacağıq. Sezar Meza Kolli və Vüsal İsgəndərli istedadlı oyunçudur. Onlara təklif gəlməsi normaldır. Bizimlə davam etmələrini istərdim. Yeni mövsümlə bağlı planlar qurmaq lazımdır. İşimizə daha çox köklənməliyik. Futbolçuları evlərində belə, nəzarətdə saxlayırıq. Qısa vaxtda yaxşı oyunçu tapmaq asan deyil. Amma bu, futboldur. Kimlərləsə vidalaşmaq lazımdır.

Avropa Konfrans Liqasındakı hədəflərə gəlincə, təbii ki, mərhələ keçmək istəyirik. Amma bunun üçün komandanı formalaşdırmaq lazımdır. İlk növbədə inanmaq lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: