“Sabah” İsveç klubuna da uduzdu – Video

Kişi basketbolçular arasında Azərbaycan çempionu olan “Sabah” komandası bu gün FİBA Avropa Kubokunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda İsveç klubu “Nörçöpinq”lə qarşılaşıb.

Bakı klubu qrupda ilk qələbəsini qazanmaq şansını qaçırlb. Qarşılaşma həm də Rimas Kurtinaytisin komandası üçün revanş xarakteri daşıyıb. Təmsilçimiz Çempionlar Liqasının təsnifat mərhələsində isveçlilərə 71:75 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. Azərbaycan çempionu bu dəfə 70:74 hesabı ilə uduzub.

Matçdan sonra “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis komandasının məğlubiyyətinə belə şərh verib:

“Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi, sonluğu gətirə bilmədik. Oyunun sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. DeAndrenin yoxluğu hiss olunurdu. O bizim ən çox xal qazanan basketbolçumuzdur. Lakin bildirdi ki, ağrıları var”.

Xatırladaq ki, “Sabah” ilk 2 turda “Spiru” və “Marussi”yə də məğlub olmuşdu.

FİBA Avropa kuboku
G qrupu, 3-cü tur
23 oktyabr

“Sabah” (Azərbaycan) – “Nörçöpinq” (İsveç) – 70:74 (16:17, 24:18, 14:24, 16:17)
Hakimlər: Karsten Straube (Almaniya), Petr Hruşa (Çexiya), Ali Sakaçı (Türkiyə).
Bakı İdman Sarayı.

Xal durumu: Marussi – 4. Spiru – 4. Norçöpinq – 4. Sabah – 3.