“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub. Arena.az xəbər verir ki, yubiley topu 22-ci tur çərçivəsində baş tutan “Qarabağ”la səfər oyununa təsadüf edib.
15-ci dəqiqədə məğlub duruma düşən qonaqlar 75-ci dəqiqədə məğlubiyyətdən xilas olmağı bacarıblar. Bərabərlik və yubiley qolunun müəllifi isə Bəxtiyar Həsənalızadə olub.
“Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub.
“Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
“Azərsun Arena”dakı heç-heçə Masazır təmsilçisinin Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı isə səfər oyunlarına təsadüf edib.
Sonda onu da xatırladaq ki, Azərbaycan Premyer Liqasında geridə qalan 22 turdan sonra “Qarabağ” 58 xalla vahid liderdirsə, “bayquşlar” 53 xalla ikinci pillədə qərarlaşıblar.


