Şahmat: Kişilər yunanları yendi, xanımlar ermənilərə uduzdu

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, kişilərdən ibarət komandamız 7-ci turda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət millimiz bu rəqibini 3,5:0,5 hesabı ilə məğlub edib. Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlı öz partiyalarında qalib gəliblər, Şəhriyar Məmmədyarov isə heç-heçə edib.

Qadınlardan ibarət milli komandamız (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) isə Ermənistanla üz-üzə gəlib və 1,5:2,5 hesabı ilə məğlub olub. Gülnar Məmmədova qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva isə məğlub olublar.

Xatırladaq ki, bundan əvvəl kişilərdən ibarət millimiz Mərakeşə (4:0), Filippinə (3:1), İsveçrəyə (3:1) və Argentinaya (2,5:1,5) qalib gəlmişdilər. Çexiya (2:2) və Rumıniya (2:2) ilə görüşlər isə heç-heçə ilə başa çatmışdı.

Qadın millimiz isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiyaya (3:1) qalib gəlmiş, Qazaxıstana (1,5:2,5) uduzmuşdu.

İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: