“Şamaxı” – “Botoşani” matçı yarıda qaldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şamaxı” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Vüqar Əsgərli və Cavid Hüseynovun çalışdırdığı komanda günün ikinci matçında Rumıniya təmsilçisi “Botoşani” ilə qarşılaşıb.

Lakin bu oyun yarıda qalıb. Belə ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb. Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə növbəti dəfə hava şəraiti kəskin pisləşdiyi üçün hakim görüşü saxlamalı olub. Yekunda o, oyunun bitdiyini elan edib.

Yarıda dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Belə ki, Rumıniya təmsilçisi 51-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində qələbə qazanıb.

Xatırladaq ki, “Şamaxı” günün ilk matçında Qazaxıstan “Kaysar”ı ilə qarşılaşmışdı. Həmin oyun qolsuz heç-heçə ilə bitmişdi – 0:0.

Əyalət təmsilçisi toplanışın son matçında yanvarın 18-də Serbiya “Napredak”ı ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: