Samir Abasov: “Bizim çempionatda onun kimi oyunçu yoxdur”

Neftçi”in baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun kənardan rahat görünə bilər, amma nələr çəkdiyimizi Allah bilir. Qol vurmadıqca futbolçularda tələskənlik görünürdü. Bundan əlavə bizdə də həyəcan artırdı. Futboçular qələbə istəyini saxladılar. Təmkini saxlamaq və panikaya düşməmək vacibdir. Futbolçular bunu göstərdi. Onları təbrik edirəm. Heç bir oyunçunu xüsusi qeyd etmək istəməzdim. Onları anlayıram. Bəziləri uyğunlaşma dövrü keçirlər. Əsas odur ki, məşqlərdə və oyunlarda özlərini göstərməyə çalışırlar, istəklidirlər”.

Samir Abasov Ramon Maçadonun start heyətdə meydana çıxmamasına da toxunub: “Sizcə, Maçado bizim üçün yararlıdır? Daha əvvəl deyirdiniz ki, o, “Neftçi”yə yararsızdır. İki həftə əvvəl səbr etmək olmazdı? Tyaqo Bezerra da ondan geri qalmır. Əvvəl də məşqçi pis olurdu, indi də. Komandada balansı qorumaq çox önəmlidir. Bu gün Maçado oynamasa belə, bunu anlayışla qəbul edəcək. Tyaqonu da komanda ruhunda saxlamaq önəmlidir. Ümumiyyətlə, çempionatımızda onun kimi oyunçu yoxdur. Heç kim bizdən inciməsin. Bizim yalnız öz oyunlarımız önəmlidir. İlk “4-lük”dəki komandalarla qarşılaşanda stressə düşməməliyik. Sabah “Qarabağ” – “Qəbələ” matçında hansı nəticə qeydə alınsa, qazanan biz olacağıq”.

Mütəxəssis Xəyal Nəcəfovun zədə səbəbindən fasilədə əvəzləndiyini söyləyib: “Ayağına zərbə aldı. Vəziyyəti yaxşı deyil. Ola bilər, onu uzun müddətə itirək. Sosial şəbəkə istifadəçilərindən heyət qurmalarını istəsək, hərəsi fərqli komanda quracaq. Əsas odur, biz nə fikirləşirik”.

Baş məşqçi son olaraq Ukraynada çıxış edən azərbaycanlı futbolçularla maraqlanmadıqlarını diqqətə çatdırıb: “Bununla bağlı söhbət getmir. Tezliklə müharibənin bitməsini arzulayırıq. Heç bir futbolçu ilə danışıq olmayıb. Belə fikrimiz də yoxdur”.

Gələn mövsüm “Səbail” daha iddialı olacaq?

Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə məğlubiyyəti belə şərh edib:

“Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq. Məhz bu səhvlər rəqibin qələbə qazanmasına şərait yaratdı. Bu il fərqli “Neftçi” izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi daha da artırdı. Bu da nəticəni müəyyənləşdirdi”.

Hacıyev meydana xal qazanmaq üçün çıxdıqlarını söyləyib: “Təəssüf ki, alınmadı. Mövqeyimiz bəllidir. Nə qədər mübarizə apara biləcəyiksə, bunu etməyə çalışacağıq. Futbolçuların istəyi məni qane etdi. Daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik. Ustalıq baxımından rəqiblərdən geri qalırıq. Hər tur rəqiblərə belə müqavimət göstərməyə çalışacağıq”.

“Dənizçilər”in baş məşqçisi yeni mövsümdən iddialı olmaları barədə yayılan xəbərlərə də münasibət bildirib: “Bu barədə danışmaq tezdir. Amma bir hərəkətlilik var, rəhbərlik səviyyəsində görüşlər olub. Bir istək var. Belə görüşlər tez-tez olacaq. Növbəti mövsümə daha yaxşı “Səbail” hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mövsüm barədə dəqiq bir şey demək olmaz”.

Hacıyev “ASCO Arena”nın ot örtüyünün yaxşı olmamasına da toxunub: “Bütün futbol ictimaiyyəti bundan narazılığını bildirib. Ən çox əziyyət çəkən də bizim futbolçulardır. Göz görə-görə onları istismar etmək istəmirik. Gənc oyunçuların gələcəyini düşünməliyik. Ona görə də bəzi məşqləri Bakı Olimpiya Stadionunda keçiririk”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: